Patologiya və ya jurnalist etikası – köşə
Şrift ölçüsü
Keçən ilin dekabr ayında rayonların birində bir “ata”nın iki azyaşlı qızına təcavüz etməsi ilə bağlı yayılan tükürpədici xəbər cəmiyyətə həqiqətən də şok yaşatdı.
Səhəri gün işə gələndə həmkarlarımın dilindən “bu hadisəni bütün detalları ilə göstərmək düz deyildi” fikirlərini eşitdim.
Əslində süjeti seyr edəndən bəri içimdə yarananlarla həmkarlarımın fikirləri üst-üstə düşürdü.
Forumlarda, sorğularda müzakirə olunan məsələyə bizim kimi yanaşanlar da çox idi. Hər kəsin dilindən dəhşətli olaya nifrət dolu qınaqlar səslənsə də, hadisə iştirakçılarının efirdən göstərilməsini düzgün hesab etmirdilər.
Ən dəhşətlisi “ata”nın polisə gətirilməsi, jurnalistlərin iştirakı ilə ilkin dindirilməsi, ağlayaraq “sərxoş olmuşam” – deyə özünə rəhm diləməsi ilə bağlı süjeti seyr etmək idi. Gerçəkdən iyrənc və utandırıcı mənzərə idi. Xəbəri təqdim edən müxbirin şok yaradan səsi də az qala tük ürpədirdi.
Cəmiyyət sensasiya yaradan, mənfi yüklü xəbərlərə meyillidir – bu, şübhəsizdir. Olayın ağırlığından dəhşətə gəlsə belə, yenə də elə xəbərlər eşidəndə daha çox diqqət kəsilir. Sanki bu səbəbdən də meydan boş qalmır. Bir-birinin ardınca hadisələr baş verir. Elə hadisələr ki, ağlasığmazlığı digərini kölgədə qoyur.
Elə bu günlərdə üç məktəbli qızın itməsi və sonradan tapılması ilə bağlı baş verən hadisə kimi. Gündəmi zəbt edən hadisənin təfərrüatı haqqında hələ də efirdən danışılır, elektron media, çap mediası təkrar-təkrar yazır. Yenə ənənəvi müzakirələr, qınaqlar, ittihamlar, psixoloqların məsləhətləri...
Həm birinci, həm də ikinci hadisəni eşidərkən, dərhal yadıma beynəlxalq jurnalistika ilə bağlı iştirak etdiyim bir treninq düşdü. Amerikalı müəllimin “görüntülərdə belə hər hansı cinayətkarın ləyaqətini, mənliyini aşağılayan bir detala yol verilməməlidir. Çünki bunu peşəkar etika tələb edir” sözlərini xatırladım.
Facebook profilimdə olan braziliyalı həmkarıma guya filmlərdə seyr etdiyim bu cür olayların onların ölkəsində necə işıqlandırıldığını soruşanda yazdı ki, onlarda da “maqazin” mediası bu tip mövzuları əldən buraxmır. Ancaq sensasiya, şok yaratmaq xətrinə yox, daha çox hadisənin sosial motivlərini qabartmaq üçün.
Mövzu ətrafında söhbət etdiyim bəzi ekspertlər də mənimlə razılaşdılar. Fikirlər bu oldu ki, baş verən olayların fonunda yalnız problem qabardılmalıdır. Məsələn, ekspertlərdən biri hadisədə günahkar olan “ata”nın nəinki efirdən göstərilməsinin, hətta, adının, soyadının deyilməsinin də düzgün hesab etmədi.
O mənada ki, söhbət “ata”nın günahından yox, patologiyadan gedir. Özünə nəzarəti itirən xəstəni isə ittiham etməyin xeyri yoxdur. İlk növbədə qızları, onların gələcəyini fikirləşmək lazım idi. Axı qurbanlar onsuz da doğma “ataları” tərəfindən zərbə alıblar. Həmin məlumat geniş yayıldıqca istər-istəməz onlara növbəti zərbə vurulacaq, adlarına ləkə gətiriləcək, barmaqla göstərilib haqlarında danışılacaq...
Elə götürək, bazar günü ANS kanalının hazırladığı reportajı. Hadisədə sosial motivin üzə çıxarılmasından daha çox, “hadisə yerindən birinci biz xəbər verdik” sensasiyası üzdə idi. Reportyor qrupu qızların yaşadığı rayona gedəndə hətta kənddə yaşayanlar evlərindən çölə çıxmadılar.
Kənd baş verən hadisədən sonra sahibsiz yurda bənzəyirdi. Xəbərin yayılması təkcə orada yaşayan ailəni yox, həm də elə bil bütün sakinləri evlərinə girərək qapılarını bərk-bərk bağlamağa məcbur etmişdi. Bunu seyr etmək ürək ağrıdırdı.
Yalnız uşaqların qoca nənəsi hadisəyə “don” geyindirməyə çalışır, gah serialları, gah mobil telefonları qınayırdı. Nə etsin? “Ağacı əlindən düşən” insanın bundan artıq əlindən nə gələr ki? Valideynlər də gizlənməyib nə etsinlər?
Hansı üzlə efirə çıxıb desinlər ki, övladlarımıza yaxşı tərbiyə verə bilməmişik? Necə desinlər ki, onlara nəzarəti itirmişik və ya qızlarla bacarmamışıq? Valideyn üçün bu etirafdan dəhşətli nə ola bilər? Üstəlik bunu da çıxıb milyonlarla izləyicinin qarşısında dilə gətirəsən?
Telekanalın reportyorları elə həmin süjetdə dedilər ki, uşaqlara psixoloji yardım lazımdır, nə valideynləri, nə də cəmiyyət onları qınamamalıdır. Təsəvvür edin, qızların az qala evlərinin içərisindən reportaj verilir, bütün ölkə baxır, bilməyənlər xəbər tutur, valideynlər, qohum-əqrəba xəcalətdən qaçıb gizlənir, uşaqlar tərbiyəsinə görə qınanır... “Sandığı açıb pambığı tökdükdən” sonra isə “cəmiyyət onları qınamamalı, valideynlər üstlərinə getməməlidir” tövsiyələri eşidilir. Paradoksdur, özü də əməlli-başlı.
Baş verən bu cür hadisələri bu qədər ictimailəşdirib, bütün çılpaqlığı ilə cəmiyyətə təqdim etməyə, insanları cavabını verə bilməyəcəyi suallar qarşısında qoymağa nə ehtiyac var?
Düzdür, hər iki hadisə dəhşətlidir, ağlasığmazdır, utandırıcıdır – bu, öz yerində. Amma hər bir şeyin reklam və antireklam tərəfi olduğu kimi, hadisələrin də iki üzü var. Bu “dəlinin yadına daş da sala” – olayın təbliğatına çevrilə də, kimlərinsə gözlərini aça da bilər.
Əslində bu cür hadisələr həmişə baş verib. Klassik ədəbiyyatda da rast gəlinir, kinolarda da var. Ancaq real həyatda baş verənlərdən çevrədən kənar insanlar çox vaxt xəbərsiz olublar. Əlbəttə, cəza çəkməyə layiq olanlar cəzasını alıb, söz-söhbət də bir ailə, bir nəsil, bir məhəllə... daxilində qalıb.
Yəni, bir var, hadisə haqqında yalnız baş verdiyi rayonun, kəndin və ya qəsəbənin ərazisində bilsinlər, bir də var, bütün respublika bundan xəbər tutsun... Əvvəllər bu cür hadisələr elə birinci növbədə hüquq-mühafizə orqanları tərəfindən anonim saxlanırdı. Əlbəttə, informasiya verilirdi, amma detalları açıqlanmamaq şərti ilə.
Heç şübhəsiz, problemdən söz açmaq, baş verən olayın cəmiyyət üçün nə qədər təhlükəli olduğunu göstərmək vacibdir. Hadisənin başvermə səbəbləri üzərində dayanmaq da həmçinin.
Bu, jurnalistikanın prinsipidir. Ancaq belə məlumatların efirdən bu qədər yayılmasının, mətbuatda geniş yazılmasının gələcəkdə baş verən bu tip hadisələrin qarşısını alacağına inanmaq isə o qədər də inandırıcı deyil.
Cəmiyyətə gəlincə, onun həmişə qınaq obyekti var. Bu hadisələrdə də kimisi valideynləri, kimisi qızları, kimisi oğlanları, kimisi müasir texnologiyaları, kimisi də elə cəmiyyətin özünü qınayır. Amma əfsuslar ki, cəmiyyətin müzakirəsi həmişə özü yaratdığı patologiyanı sağaltmağa kömək etmir.
Bəlkə belə hadisələri bu qədər işıqlandırmaqdansa, hər dəfə sensasiya kimi təqdim etməkdənsə, daha çox “belə olayların qarşısını necə almaq olar?” sualına cavab tapılsa yaxşı olar?
Təranə Məhərrəmova
Gün.Az
URL: http://www.gun.az/Terane_Meherremova/30346
Baxışların sayı: 893