Saçların davamlı tökülməsi səbəbləri – anons
Şrift ölçüsü
Gün.Az oxucuların təklifini nəzərə alaraq səhiyyə sahəsində “Onlayn məsləhətxana” rubrikasında “Saç tökülməsi problemi” haqqında araşdırma materialı təqdim edir.
Qeyd etdiyimiz kimi bu mövzunun geniş olduğunu nəzərə alaraq materialları hissə-hissə təqdim edirik.
Həftə ərzində bu mövzu barədə təqdim edəcəyimiz araşdırmaları izləyin.
Bəzi xəstəliklər saç tökülməsinə səbəb olur
Saçların davamlı tökülməsi bir sıra ağır göbələk xəstəliklərindən, dərinin irinli və digər xəstəlikləri nəticəsində baş verir ki, bu zaman bütün saç aparatı iltihabi prosesə qoşulur. Bu xəstəliklər təcili və düzgün müalicə tələb edir. Baxış zamanı həkim-trixoloq ilk növbədə saçların güclü şəkildə tökülməsinin əmələgəlmə səbəbini müəyyən etməyə çalışır.
Bu zaman xüsusi laborator və digər mütəxəssislər tərəfindən (immunoloq, dermatoloq, qastroenteroloq, endokrinoloq və s.) müayinələrin aparılması da lazım ola bilər. Əsas xəstəliyi müalicə etdikdən sonra saçlar da normal hala gəlir. Əgər saçların tökülməsinin səbəbi baş dərisinin hər hansı bir xəstəliyi olarsa, həkim-trixoloq tərəfindən müvafiq müalicə təyin olunur.
Ola bilər ki, ilkin olaraq siz saçlarınızı bir qədər qısaltmalı olacaqsınız – bu, baş dərisini oksigenlə kifayət qədər təmin etməyə imkan verərək, saçlara və baş dərisinə qulluq edilməsini də asanlaşdırır.
Həkim tərəfindən yazılan dərman preparatlarının qəbul edilməsi ilə birlikdə başın dərisinə maska sürtülməsi, saçların dərman otlarından hazırlanmış dəmləmələrlə yaxalanması, baş dərisinin masaj edilməsi (quru və normal saçlar üçün) də yaxşı effekt verir. Ancaq bir daha qeyd etmək istəyirik ki, heç bir maskalar və otlar, həkim tərəfindən aparılan müayinə və müalicəni əvəz edə bilməz.
Saçların bərpası
Saçları bərpa etmək və onları möhkəmləndirmək üçün maskalardan başqa, dərman bitkilərindən hazırlanan dəmləmələrdən və onların spirtdə hazırlanan məhlullarından da istifadə etmək olar. Maskalar kimi, onları da müntəzəm olaraq həftədə 2-3 dəfədən az olmayaraq heç olmasa 1 ay müddətində tətbiq etmək lazımdır.
Otlardan hazırlanan bu məhlulları başı yuduqdan sonra saçların sonuncu dəfə yaxalanması üçün hazırlanan yumşaq suya əlavə etmək və ya başı yumamışdan qabaq saçların köklərinə sürtərək 1 saat ərzində saxlamaq olar. Əgər saçlarınız yağlıdırsa onları dəmləmələrlə yaxalamaq daha yaxşıdır. Saçlarınız quru və ya normaldırsa, dəmləmələri masaj hərəkətləri ilə başın dərisinə sürtmək olar.
Hazırlanma qaydası...
- 2 xörək qaşığı dazıotunun üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra onu süzmək lazımdır.
- Şam ağacının tumurcuğu, budağı və qabığından 5 xörək qaşığı götürərək üzərinə 2 litr qaynar su töküb 15 dəqiqə ərzində ağzı bağlı şəkildə qaynatmaq lazımdır.
- 2 xörək qaşığı gicitkənin üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra onu süzmək lazımdır (böyürtkən yarpaqlarından da eyni qayda ilə dəmləmə hazırlamaq olar).
- 2 nar meyvəsinin qabığını yaxşı yuyun və üzərinə 1 litr qaynar su töküb 10 dəqiqə ərzində vam odda ağzı bağlı şəkildə qaynatdıqdan sonra süzün. Saçları yuduqdan sonra onları sonuncu dəfə yaxalamaq üçün bu dəmləmədən istifadə etmək olar.
- 3 xörək qaşığı pıtraq və 3 xörək qaşığı gicitkən götürüb üzərinə 1 litr qaynar su əlavə edərək 20 dəqiqə ərzində dəmləmək lazımdır. Saçları yuduqdan sonra alınan dəmləmə ilə yaxalayın.
- 2 xörək qaşığı doğranmış pıtraq kökünün üzərinə ½ litr qaynar su töküb 15 dəqiqə ərzində ağzı bağlı şəkildə vam odda qaynatmaq lazımdır. Alınan dəmləmənin üzərinə 2 çay qaşığı şüyüd toxumu əlavə edin və 2-3 saat saxladıqdan sonra onu süzün. Bu dəmləməni saçları son dəfə yaxalamaq üçün hazırlanmış suya əlavə edin.
- 3 xörək qaşığı çaytikanı meyvələri və yarpaqlarının üzərinə 2 stəkan qaynar su töküb 30 dəqiqə ərzində dəmlədikdən sonra süzün.
- Saçlar güclü şəkildə töküldüyü halda, başın dərisinə sürtmək üçün uzunsov qırmızı bibərin spirtli məhlulundan istifadə etmək olar. 100 qram qırmızı bibərin üzərinə 1 litr 70 dərəcəli spirt əlavə edərək 6-7 gün ərzində saxladıqdan sonra onu süzürlər. Alınmış qarışıqdan 10 qram götürüb, onu 100 qram qaynanmış su ilə qarışdırdıqdan sonra, həftə ərzində 2-3 dəfə axşam saatlarında başın dərisinə sürtmək lazımdır.
Saçların tökülməsini gündəlik düzgün rejim ilə də dayandırmaq olar
Belə ki, buna vaxtında yatmaq və durmaq, daha çox hərəkət etmək və açıq havada olmaq, düzgün qidalanmaq, yazda və payızda vitamin kompleksləri qəbul etmək, stressli vəziyyətlərdən uzaq olmaq, bu, mümkün olmadıqda isə gərgin dövrlərdə sakitləşdirici dərmanlar (həkimlə məsləhətləşdikdən sonra) qəbul etmək olar.
Davamı olacaq...
Saç tökülməsi haqqında sizi maraqlandıran suallarınızı həftənin cümə axşamı günü saat 16:00-dək meslehet@gun.az ünvanına göndərə bilərsiniz.
Sizin suallarınız respublikanın peşəkar mütəxəssisləri tərəfindən cavablandırılacaq. Cavablar isə həftənin şənbə günü yayımlanacaq.
Qeyd edək ki, səhiyyə sahəsində yeni araşdırmaları təqdim etməyə davam edəcəyik. Əgər siz hansısa mövzu barədə məlumat almaq istəyirsinizsə təkliflərinizi yuxarıda qeyd edilən ünvana göndərə bilərsiniz. Rubrikanı izləməkdə davam edin.
Fərid Ədalət
Gün.Az
URL: http://www.gun.az/consultation/30206
Baxışların sayı: 508