31 Iyul 2014 | 18:29
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub

Türkiyənin Egey bölgəsindəki Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənmiş, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Uşak müftisi Xocalı qurbanlarının ruhuna dualar oxunub.

Mərasimi açan Uşak bələdiyyəsinin sədri Əli Ərdoğan bildirib ki, onun rəhbərlik etdiyi bələdiyyə məclisi Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması haqqında qərar qəbul edib və şəhərin ən görkəmli yerində möhtəşəm heykəl qoyulub. O vurğulayıb ki, Xocalı qətliamı Türkiyənin də faciəsidir və türk xalqı azərbaycanlı qardaşlarının  sevincini paylaşdığı kimi, kədərini də bölüşür.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxışında demişdir ki, bu möhtəşəm abidə ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamlarına uyğun olaraq, sevincini və kədərini paylaşan, bir millət, iki dövlət olan Türkiyə və Azərbaycanın həmrəyliyinin daha bir rəmzidir.      

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev mərasim iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir.  Ərəstun Mehdiyev bu möhtəşəm abidənin ucaldılmasına görə Azərbaycan xalqı və dövləti adından Türkiyə xalqına, Uşak bələdiyyəsinə təşəkkürünü bildirib.    

Abidənin müəllifi Mert Kılınç bu abidənin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin rəmzi olmasından məmnunluğunu ifadə etmişdir. O, belə abidələrin başqa şəhərlərdə də ucaldılmasının zəruriliyini vurğulayıb.
Sonra abidənin üzərindəki örtük götürülüb.

Mərasim iştirakçıları ətrafdakı parkda Xocalı soyqırımı ilə bağlı təşkil edilmiş fotosərgiyə baxıblar.  
Mərasimdən sonra Uşak Universitetində “Xocalını unutma!” mövzusunda seminar keçirilib.
Uşak Universitetinin rektoru, professor Sait Çelik seminarı açaraq bildirib ki, hər il universitetdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır. O, Azərbaycanda gedən sürətli inkişaf proseslərini qürurla izlədiklərini söyləyib.

Xocalı soyqırımı haqqında məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib ki, Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən Uşakda hər il anım mərasimlərinin keçirilməsi bizi keçmişimizi unutmamağa çağırır. O, Türkiyədə təhsil alan gənclərə müraciətlə bildirib ki, gələcəkdə millətimizin başına bu cür müsibətlərin gəlməməsi üçün onlar layiqli vətəndaş olmalı və yaxşı təhsil almalıdırlar.

Seminarda çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev qeyd edib ki, bu gün Azərbaycanın ən faciəli gününü əks etdirən möhtəşəm bir abidənin açılışında iştirak etdik. Bu soyqırımı müstəqillik yoluna qədəm qoymuş Azərbaycana, eləcə də bütün türk dünyasına qarşı yönəlmiş bir cinayət idi. Bu gün də Türkiyə və Azərbaycana qarşı müəyyən mərkəzlərdən fitnəkar hərəkətlər davam edir.  Həmin ağır gün dinc əhalini qətlə yetirən erməni cəlladları özlərini məzlum xalq kimi təqdim edərək saxta iddialarla Türkiyəni 1915-ci ildə “soyqırımı” törətməkdə ittiham edirlər. Bəzi beynəlxalq qüvvələr onların bu fitnə-fəsadından türklərə qarşı istifadə etmək istəyirlər. Bu hadisələrin araşdırılması və gələcək nəsillərə obyektiv şəkildə çatdırılmasında universitetlərin üzərinə böyük vəzifələr düşür.   

Milli Məclisin deputatı Aqil Abbas və Türkiyədəki Azərbaycanlıların Mədəniyyət və Təhsil Vəqfinin sədri Erol Göllü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Anadoluda erməni quldur dəstələrinin törətdikləri qətliamlardan bəhs ediblər.

Seminar iştirakçıları Xocalı soyqırımından bəhs edən sənədli filmə baxıblar.     

Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər