30 Sentyabr 2014 | 10:54
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Gənclər “Bizim dünya”da Qarabağ məsələsini qaldırıblar - Foto

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə gənclər 2015-ci ildən sonrakı dövr ərzində əsas inkişaf prioritetlərini müzakirə etmək üçün “Bizim istədiyimiz dünya” devizi altında Tərtərdə milli gənclər müzakirəsi keçirilib. Tədbirdə Tərtər, Bərdə, Mingəçevir, Gəncə, Goranboy gəncləri iştirak edib.

Gün.Az xəbər verir ki, Tərtər Regional Peşə Təlimi Mərkəzində keçirilən tədbirin açılış mərasimində UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Rəşid Mustafa və “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova Minilliyin İnkişaf Məqsədləri və bunun davamı olaraq BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən qlobal təşəbbüs barədə çıxış etdilər.

Sonra təlimçilər Pərvanə Məmmədova və Sərdar Hüseynovun rəhbərliyi ilə müzakirələr davam etdirilib. Gənclər fəal şəkildə təqdimatlar, qrup işi və plenar müzakirələrdə arzuladıqları dünya ilə bağlı istəkləri və təklifləri ilə bölüşüb, cəmiyyətlərinin inkişafı naminə yeni təşəbbüslərlə çıxış ediblər.

Müzakirələrdə gənclər Qarabağ məsələsini xüsusilə müzakirəyə çıxarıblar və münaqişənin tez bir zamanda həll edilməsini istədiklərini bildiriblər. Regionda mövcud olan problemlərin əsasən Qarabağ müharibəsi nəticəsində yarandığı və elə məhz onun həll olunması ilə də aradan qaldırılacağı qeyd olunub. Cəbhə bölgəsində yaşayan insanların təhlükəsizliyinin təmin olunması da müzakirəyə çıxarılıb.

Müzakirələrdə meşələrin qorunması, sudan səmərəli istifadə olunması, çirkli suların təmizlənməsi və digər ətraf mühitin mühafizəsi tədbirləri təklif edilib.

Gənclərin təhsilə maraqlarının artırılması üçün regionda kursların sayının çoxaldılması və bölgədə Universitetin açılması təklifi səslənib. Gənclərin işlə təmin edilməsi, səmərəli məşğulluğun artırılması, gənclərin asudə vaxtın düzgün təşkili ilə bağlı fikirlər səslənib. Sağlamlıq məsələlərini müzakirə edən gənclər bölgədə AİDS-ə yoluxmuş insanların sayının artmasından narahat olduqlarını bildiriblər və əhali arasında təbliğatın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
 
Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi dairələr, kütləvi informasiya vasitələri, özəl sektor, işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və hökumət qurumlarının təklif və tövsiyyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı məsləhətləşmələr həyata keçirir.

Müzakirələrin ümumi hesabatında Azərbaycan gənclərinin rəy və təklifləri nəzərə alınacaq. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi 150 gənc iştirak edəcək. Tərtər rayonunda məsləhətləşmələrin təşkilində UNICEF-in digər tərəfdaşları Beynəlxalq Avrasiya Mətbuat Fondu və World Vision təşkilatları da iştirak edib. Yekun müzakirə 6-7 may tarixində Bakıda keçiriləcək.

Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər