Əli Əhmədov: “Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidir”
Şrift ölçüsü
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı ikili standartlar siyasətindən imtina etməli və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidir.
Gün.Az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Atatürk Mərkəzində YAP-ın təşkil etdiyi və Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “dəyirmi masada” bildirib.
Onun sözlərinə görə, Xocalı soyqırımı dünya tarixinin ən qanlı səhifələrindən biri və erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətl aksiyalarının zəncirinin növbəti halqasıdır.
“Xocalı soyqırımı erməni vandalizminin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi cinayətlər zəncirində növbəti akt oldu. Bu hərbi cinayət 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədildi, nəticədə qocalar, uşaqlar və qadınlar vəhşicəsinə qətlə yetirildi” – deyə, Ə.Əhmədov vurğulayıb.
O, beynəlxalq ictimaiyyətin sivil bəşəriyyətə qarşı törədilmiş bu cinayətə siyasi-hüquqi qiymət verməsi üçün Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə ümumxalq səylərinin fəallaşmasının zəruriliyini qeyd edib.
“Etiraf etmək lazımdır ki, 20 il ərzində bu istiqamətdə qəti addımlar atılıb. Milli Məclis Xocalı soyqırımı haqqında qərar qəbul edib, müxtəlif ölkələrin parlamentlərinə isə müvafiq müraciətlər göndərilib” – deyə, Ə.Əhmədov bildirib.
Gün.Az
URL: http://www.gun.az/politics/30301
Baxışların sayı: 124